Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda dayandırılmış böyrək transplantasiyası əməliyyatlarına bu yaxınlarda yenidən start veriləcək.
Bunu Trend-ə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyasını həyata keçirən cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar orqan transplantasiyası sahəsi üzrə fəaliyyət sferaları bir qədər məhdudlaşdırılıb: “Təcili əməliyyatlar istisna olmaqla planlı əməliyyatların icrasını bir qədər dayandırmalı olduq. Qaraciyər transplantasiyası əməliyyatları təcili əməliyyatlar qrupuna daxil edildiyindən onları icra etmək lazımdır. Böyrək transplantasiyası əməliyyatı edilməli olan xəstələrin dializ şansı var. Beynəlxalq tövsiyələrə əsasən, həyati göstəriş olmadığı təqdirdə böyrək transplantasiyası əməliyyatlarının icra edilməməsi məqsədəuyğundur. Ona görə də pandemiya şəraitində qaraciyər transplantasiyası əməliyyatının həyata keçirilməsi davam etsə də, böyrək transplantasiyası əməliyyatlarına müvəqqəti olaraq fasilə vermişik”.