...

Füzulidə Qafqaz neoliti dövrünə aid ən qədim və ilk məzarlıq aşkarlanıb

Cəmiyyət Materials 1 Sentyabr 2020 18:38 (UTC +04:00)
Füzulidə Qafqaz neoliti dövrünə aid ən qədim və ilk məzarlıq aşkarlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Füzuli rayonunda Qafqaz neoliti dövrünə aid ən qədim və ilk məzarlıq aşkarlanıb. Qafqazda ilk olan tapıntı hazırda tədqiq olunan Lələtəpə Neolit qədim yaşayış məskənində tapılıb.

Trend-in məlumatına görə Lələtəpə kurqanı Füzuli rayonunun Horadiz kəndinin ərazisində yerləşir. Təpənin ümumi ərazisi 1 hektar, hündürlüyü isə 6 metrdir. Ötən il aparılan kəşfiyyat xarakterli qazıntılardan sonra yüksəkliyin qədim yaşayış məskəni olduğuna qərar verilib. Hazırda qazıntı işləri cənub-şimal istiqamətində 95 kvadratmetr ərazidə aparılır. Təxminən 2,5 metr Neolit dövrünə aid mədəni təbəqə qazılaraq öyrənilib. Burada dairəvi tikililər, böyük platforma tipli tikili və Qafqaz neoliti dövrünə aid olan ən qədim və ilk məzarlıq aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə Trend-ə açıqlamasında bildirib ki, arxeoloqlar Qafqazda və Qarabağda çox nadir görünən fenomenlə qarşılaşıb: “Artıq insanlar evin kənarlarını məzarlıq kimi istifadə etməyə başlayıblar. Burada hər təbəqədə yaşayış dövrü qalxdıqca, dağılan evləri bərpa etdikcə məzarlıq da salıblar. Məzarın içi qazılıb, oxra ilə suvanıb. Ondan sonra ölmüş insanlar oxraya bürünərək dəfn edilib. Bir də diqqət çəkən məqam odur ki, uşaqlar muncuqlarla dəfn olunub, yaşlı insanların qəbrində isə hər hansı bir bəzək əşyasına rast gəlinməyib”.

Arxeoloqların sözlərinə görə, yeni tədqiq olunan abidədə 10-dək uşaq və böyük skeleti aşkarlanıb.

İnstitutun aparıcı elmi işçisi Qarabağ Neolit-Eneolit ekspertizasının rəisi Xəqani Alməməmədov isə deyib ki, Lələtəpə neoliti arazboyu, yəni Naxçıvanda olan Neolit abidələrin və Qarabağ neolitinin öz xüsusiyyətlərini daşıyır: “Bu abidə Qarabağ ərazisində olan ən qədim Neolit abidəsidir. Aşkarlanan tapıntıları Türkiyənin Antropologiya dövrünün araşdırmacısı Yılmaz Səlim Erdalla bir yerdə tədqiq edəcəyik. Araşdırma nəticəsində Anadolu-Qafqaz və ya Anadolu-Qarabağ qohumluq əlaqələri öyrəniləcək. Bu da qədim dövr sivilizasiyasının öyrənilməsi üçün maraqlı olacaq. Ən əsası da bu günədək o dönəmə aid olan şübhələr aradan qalxacaq”.

Tapıntılar Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təqdim ediləcək.

Qeyd edək ki, vaxtilə - 1990-cı illərin əvvəlində mərhum arxeoloq Fərman Mahmudovun tədqiq etdiyi Cəlilabad rayonundakı Əliköməktəpə eneolit məskənində də oxşar dəfn adəti aşkar edilmişdi. Bu adət Şomutəpə neolit mədəniyyətindən fərqlidir və Qarabağ neoliti üçün xarakterikdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, arxeoloq Pərviz Qasımov mərhum F.Mahmudovla həmin arxeoloji ekspedisiyada olmuşdu. Onun sözlərinə görə, Qarabağ neolit mədəniyyəti Aran zonasını da əhatə edib. Amma o dövrdə abidənin xronoloji dövrünü nisbətən dəqiq verən radiokarbon analizləri və həm də arxeogenetik analizlər aparılmırdı. "Xəqani müəllimin aşkarladığı tapıntılar müasir dövrdə buna imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti