...

ADU rektoru Yaponiya səfiri ilə görüşüb

Cəmiyyət Materials 2 Oktyabr 2020 14:01 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 1-də Yaponiyanın Azərbaycana yeni təyin edilmiş Fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ilə görüşüb.

ADU-dan Trend-ə verilən məlumata görə, qonağın rəhbərlik etdiyi ali təhsil ocağına gəlişindən məmnunluğunu bildirən rektor, Yaponiya dövlətinin hər zaman Azərbaycana yaxından kömək etdiyini, ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq etdiyini qeyd edib.

Kamal Abdulla ADU-nun Yaponiyanın bir neçə universiteti ilə əməkdaşlıq etdiyini, Yaponiya ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə 2011-ci ildən universitetin nəzdində yaponşünas ixtisasının açıldığını, eləcə də Yaponiya Araşdırmalar Mərkəzinin yaradıldığını səfirin diqqətinə çatdırıb.

Cüniçi Vada öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu bildirərək, universitetimizlə bütün istiqamətlərdə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Diplomat eyni zamanda ADU-nun “Səfir saatı” layihəsində iştirak edəcəyini, eləcə də Yaponiyada Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər görəcəyini deyib.

Bundan başqa səfir 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin başlanmasının 30-cu ildönümü münasibəti ilə universitetimizlə birlikdə müxtəlif tədbirlər keçirmək arzusunun olduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti