...

“Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2021 17:37 (UTC +04:00)
“Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində bütün xalqımız kimi Şamaxı və Ağsu rayon sakinləri həm arxa, həm də ön cəbhədə möhtəşəm Zəfərin qazanılmasında səylərini əsirgəməyib, bu gün də rəşadətli Azərbaycan Ordusuna dayaqdırlar.

Yüzlərlə şamaxılı, ağsulu gənc bütün cəbhələrdə cəsarətlə vuruşub, Qələbəyə gedən yollarda şəxsi şücaət və igidlik nümunələri göstəriblər. Onlardan neçəsi şəhidlik zirvəsinə ucalıb, neçəsi qazi kimi ailələrinə dönüb, neçəsi isə bu gün də yenilməz Ordumuzun sıralarında Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir, müstəqilliyimizin keşiyində, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanaraq Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində düşmən təxribatlarının, döyüş mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə və qətiyyətlə alırlar.

Vətən müharibəsində şəhadətləri ilə yeni tarix yazan, adları tarixə yazılan şəhidlərimizdən gizir Naiq Ələkbərovun və gizir İlkin Zülfüqarovun doğum günləri münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Şamaxı və Ağsu rayonlarında keçirilən “Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri ordu ilə xalqın sağlam mənəvi birliyinin nümayişinə çevrilib.
Müdafiə Nazirliyinin rəsmiləri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüşçü dostları, veteran təşkilatlarının və ictimaiyyətin nümayəndələri şəhərin giriş hissəsində həmişəyaşıl ağaclarla əhatə olunan yüksəklikdə salınmış Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə dualar oxunub, məzarlar üzərinə çələng və tər çiçəklər düzülüb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətən müharibəsində qazanılan şanlı qələbədən, zabit və əsgərlərimizin rəşadətindən, xalqımızın arxa cəbhədəki fədakarlıqlarından və əlbəttə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, hücum diplomatiyasından ətraflı söhbət açıb.

Qeyd olunub ki, bu gün şəhid gizirlər Naiq Ələkbərov və İlkin Zülfüqarovun ad günüdür. Onlar eyni gündə, avqustun 8-də dünyaya göz açıblar. Naiq Şamaxı rayonunun Bağırlı kəndində, İlkin isə Ağsu rayonunun Gursulu kəndində anadan olub.

Naiq Ələkbərov Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb Məktəbini, İlkin Zülfüqarov isə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçdikdən sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” və “Təməl Xüsusi Təyinatlı” kurslarını bitirib. Hər ikisinə “gizir” hərbi rütbəsi verilib.

Gizir N.Ələkbərov motoatıcı taborun tibb məntəqəsinin feldşeri, artilleriya divizionunun tibb məntəqəsinin rəisi - feldşer, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
Gizir İ.Zülfüqarov isə motoatıcı taqım komandiri, mühəndis-kəşfiyyat qrupunun komandiri və kəşfiyyatçı kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.

Yeznə-qayın olan hər iki hərbi qulluqçu Vətən müharibəsinin başlandığı ilk gündən döyüş meydanlarına atılaraq respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak edərək hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetiriblər. Onlar Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində mərdlik nümunələri göstəriblər.

Gizir Zülfüqarov 2020-ci il oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində, gizir Ələkbərov isə oktyabrın 9-da Füzuli rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Nəzərə çatdırılıb ki, hər iki gizir Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradın iştirakçısıdır və onlar Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunublar.

Gizir İ.Zülfüqarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları, gizir N.Ələkbərov isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərhəmət Mustafayev və Şamaxı rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, başqaları çıxış edərək şamaxılılar tərəfindən də şəhidlərimizin adlarının həmişə əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini və ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər.
Aprel döyüşlərinin iştirakçısı, uzun müddət tabor və hərbi hissə komandiri vəzifələrində xidmət edən, “Vətən uğrunda”, “İgidliyə görə” və bir çox döyüş medalları ilə təltif olunan, bu günlərdə isə Belarus Respublikasının Hərbi Akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirən Azərbaycan Ordusunun zabiti polkovnik Fuad Ələkbərov əmisi oğlu Naiqlə və onun qayını İlkinlə bağlı xatirələrini söyləyib. O, iftixar hissi ilə vurğulayıb ki, bütün xalqımız kimi hər bir şamaxılı əli silah tutan gənc də bu gün Müzəffər Ali Baş Komandamızın əmrlərinə hazırdır.

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin baş müəllimi polkovnik-leytenant Rəşaiq Ələkbərov da şəhid Naiq və İlkinlə bağlı xatirələrini bölüşüb, rayon gənclərinin peşə seçimində daha çox xüsusi təyinatlı təhsil müəssisələrinə üz tutduqlarını yüksək dəyərləndirib.

Naiqin atası, Birinci Qarabağ müharibəsi dövründə Füzuli və Cəbrayıl rayonları uğrunda döyüşlərin fəal iştirakçısı və bu gün də gənclərin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, Bağırlı kənd tam orta məktəbinin Çağırışaqədərki Hazırlıq fənni üzrə müəllimi Faiq Ələkbərov tədbir iştirakçılarını əmin edib ki, bundan sonra da yeni-yeni qəhrəmanların yetişməsi üçün yorulmaz fəaliyyət göstərəcək, şəhid oğlundan yadigar qalan üç nəvəsinin də atalarının adına layiq böyümələri üçün babalıq vəzifəsini yerinə yetirəcəkdir.

Şəhidin oğlu Nihaqın söylədiyi şeir tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Şəhidlər xiyabanı ziyarət olunduqdan sonra Bağırlı kəndində şəhid Naiqin xatirə bulağının açılışı olub. Burada Vətən müharibəsinin hər gününə bir şam ağacı olmaqla 44 ağac əkilib.

Polkovnik Abdulla Qurbani, millət vəkili Tamam Cəfərova, şəhid Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbinin direktoru Asif Mirzəyev, Şamaxı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri, müharibə iştirakçısı, ehtiyatda olan baş leytenant Cəlal Bayramov və başqaları çıxış edərək ömür-gün yoldaşını və qardaşını itirən Əfsanə xanıma, eləcə də şəhidin yaxınlarına bir daha başsağlığı verib, səbir diləyiblər.

Şəhidin bacısı Aygün qardaşına həsr etdiyi yeni şeirini oxuyub, məktəblilər şair Azər Əzizoğlunun şeirlərindən ibarət “Şəhidlər əbədi yaşayacaqlar!” adlı ədəbi kompozisiya təqdim ediblər.
Uzun müddət Çuxuryurd kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 89 saylı orta məktəbində müəllim işləmiş şair-publisist Azər Əzizoğlunun alovlu çıxışı ilə növbəti tədbir də başa çatıb. O deyib: “Şəhidlər Vətənə məhəbbətin böyüklüyündən doğulan, daha uzun və mənalı bir ömrün sahibləridir. Onların qazancı heç də hər kəsə nəsib olmayan şərəfli və ləyaqətli bir əbədiyyətdir. Az-çox vicdanı olan hər bir kəsin borcudur ki, bircə an da olsa belə onlardan ayrılmasın, dünyaya onların nəzərləri ilə baxsın, onların yarımçıq qalmış ömürlərini öz ömürlərinə qataraq çiliklənmiş arzularının yerinə yetməsi üçün səy göstərsin. Bax, onda görəcəyik ki, Çingizləşmişik, Malikləşmişik, Mübarizə dönmüşük, Təbriz, Naiq, İlkin, Sabir... olmuşuq.

Qəhrəmanlığı bu günə qədər Tomrisdən, Babəkdən, Koroğludan, Nəbidən öyrənirdiksə, bu gündən belə onların ardıcılları, hər bir gəncimiz üçün örnək olan qəhrəman şəhidlərimizdən, igid qazilərimizdən və Azərbaycan Ordusunun mübariz zabit və əsgərlərindən öyrənməliyik. Onların hər biri haqqında nə qədər çox deyilsə də, qalaq-qalaq kitablar yazılsa da, filmlər çəkilsə də, xatirə abidələri ucaldılsa da azdır, çox azdır!.. Birdəfəlik hər birimiz yadda saxlamalı və unutmamalıyıq ki, şəhidlik azadlığımız, müstəqilliyimiz, dövlət kimi mövcudluğumuz, millət kimi yaşamamız naminə şüurlu şəkildə özünü Vətən uğrunda şəhid edərək əbədiyyətə qovuşmaqdır!”.

Günün ikinci yarısında Ağsu rayonunun Gursulu kəndində yol kənarında şəhid İlkin Zülfüqarovun ad günü münasibətilə inşa edilən xatirə bulağı qarşısında keçirilən “Poeziya saatı”nda A.Qurbani, şair-publisist A.Əzizoğlu unudulmaz şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına, Azərbaycan əsgərinin şərəfinə və Müzəffər Ali Baş Komandana, yenilməz Ordumuza həsr etdikləri şeirlərini oxuyublar.

Şəhid gizir Sabir Heydərovun atası Ceyhun müəllimin hərarətli çıxışı bulaq başına toplaşan hər bir kəsə qürurverici anlar yaşadıb: “Mənim oğlum Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb. Peşəkar kəşfiyyatçı kimi Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin azad olunması uğrunda döyüşlərdə Naiqlə, İlkinlə bir yerdə vuruşub, döyüşüb, mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib. O da oktyabr ayının ilk günlərində şəhidlik zirvəsinə ucalıb. Mən təkcə Sabirimlə deyil, bütün şəhidlərimizlə fəxr edirəm. Azərbaycan əsgərinin şücaətindən qürur duyuram. Özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Oğul düşmən çəpəri deyilmi?! Bircə arzum budur ki, bulaqlarımız daim çağlasın, axar çaylarımız qurumasın, igidlərimiz döyüşlərdən həmişə zəfərlə geri dönsünlər!”.

Şəhid İlkinin atası Nürəddin Zülfüqarov “Bir oğlum var idisə, indi Azərbaycan Ordusunda yüzlərlə, minlərlə İlkin kimi oğullarım var. Bu gün hərbi hissələrdə andiçmə mərasimləri keçirilir. Mənim isə arzum budur ki, onlar xidmətlərini şərəflə başa vurub sağ-salamat öz ailələrinə dönsünlər”.

Qudalar Faiq Ələkbərov, Nürəddin Zülfüqarov və Ceyhun Heydərov dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlıqlarını bildirib, ziyarətçilərlə birlikdə xatirə şəkli çəkdiriblər.

Yoldan keçən sərnişinlər də avtomobillərini yol kənarında saxlayaraq izdihama yaxınlaşıb, şəhid valideynlərinə təsəlli verib, bulaq suyundan içiblər.

28 il öncə doğma Füzuli rayonundan məcburi köçkün düşən Şahzadə Fərəcova və Xəyal Sadıqova şəhid anasının qarşısında baş əyərək doğma kəndlərinin azad edilməsi uğrunda şəhid olan igidlərin valideynlərinə bütün füzulilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti