Bakı. Çingiz Səfərli -Trend:
Günün ikinci yarısından etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, günün ikinci yarısından etibarən küləyin səngiyəcəyi gözlənilir.
"Hava şəraitinin küləkli olduğu təqdirdə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir. Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, ötən gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21.00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.
Twitter: @cingizsafarli