...

ÜST nümayəndələri DOST mərkəzi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2021 13:50 (UTC +04:00)
ÜST nümayəndələri DOST mərkəzi ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan 4 saylı DOST Mərkəzində olublar.

Qonaqlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzlərdə göstərilən xidmətlərlə tanış olublar.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 155 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Seymur Alıyev 25 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin Fərmanına əsasən Şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradıldığını və indiyədək 2915 müraciətin qəbul edildiyini bildirib.

Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq. Bununla da DOST xidmətləri bütün Azərbaycan ərazisini əhatə edəcək.

Qonaqlar mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti