Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) bu günlərdə Beynəlxalq Çin Dili Təhsil Fondu adından “2021-ci ilin görkəmli Konfutsi İnstitutu” mükafatına layiq görülmüş ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib.
Təqdimat mərasimində Vətən Müharibəsi şəhidi mayor Ruslan Cəfərovun övladı, Pekin Texnologiya Universitetinin Kompüter elmləri və texnologiyaları fakültəsinin 1-ci kurs tələbəsi Raul Cəfərov iştirak və çıxış edib.
R.Cəfərov onlayn təqdimatında çinli sinif yoldaşlarına və müəllimlərinə ADU-da çinşünaslıq təhsili və elminin uğurlu inkişafından, Konfutsi İnstitutunun tədris və ictimai-maarifçilik fəaliyyətindən, Çinin “Bir kəmər - bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlarından da söz açıb.
O bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycanda Çin dilini və mədəniyyətini təbliğ etmək, ölkələrimiz arasında təhsil və mədəniyyət mübadiləsini genişləndirməkdir.
R.Cəfərov Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU-nun Konfutsi İnstitutunun nəşr etdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabından bəhs edib. O, Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplu haqqında da məlumat verib.
R.Cəfərov həmçinin ötən il ərzində ADU-nun Konfutsi İnstitutu tərəfindən Azərbaycan və Çin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığa həsr olunan 50-dən çox elmi seminarın keçirildiyini söyləyib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov da son dövrlərdə tələbələr arasında Çin dilinə olan maraqdan, təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin xüsusi əhəmiyyətini vurğulayıb.