...

Ağdam sakini atasının əşyalarını Ağdam məscidinə bağışladı - FOTO

Cəmiyyət Materials 31 Yanvar 2022 14:34 (UTC +04:00)
Ağdam sakini atasının əşyalarını Ağdam məscidinə bağışladı - FOTO

Bakı. Fərid Zöhrabov - Trend:

Ağdam işğaldan azad olunduqdan sonra ilk dəfədi bura gəlirəm.

Bu sözləri Trend-ə növbəti Bakı-Ağdam avtobus reysi ilə Ağdam şəhərinə gələn Nahid Məmmədov bildirib.

"Hisslərimi sözlə ifadə edə bilmirəm. Şükür bu günə ki, bu günləri görmək bizə qismət oldu.

Ağdamı ermənlər işğal etməzdən əvvəl atam bu məsciddə namaz qılıb. Ağdam işğaldan azad olunanda sağ idi, amma özünə qismət olmadı gəlib öz doğulduğu torpaqları görsün. Mən onun Quran kitabını və Həcc ziyarəti ilə bağlı özünün yazdığı kitabı gətirdim ki, məscidə bağışlayım. Qoy bunlar gələcək nəsillərə yadigar qalsın. Biz bura gələndə bilək ki, atamızın burda yadigarı var", - deyə N.Məmmədov qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən növbəti Bakı-Ağdam-Bakı marşrutları start götürüb. Səfər iştirakçıları ilk olaraq Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksinə gəliblər. Burada ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələrlə tanış olublar. İşğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti