...

Bakının mərkəzindəki parklardan biri yenidən qurulub (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2022 13:53 (UTC +04:00)
Bakının mərkəzindəki parklardan biri yenidən qurulub (FOTO)

Bakı. Trend:

Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində “Səbail” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı qeyd olunub ki, yenilənən “Səbail” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, əvvəlki ərazisi 4362 kv.m olan park yeni layihələndirmədən sonra 8096 kv.m böyüdülərək ümumilikdə 12458 kv.m təşkil edib, 9600 kv.m yeni yaşıllıq sahəsi salınmışdır. Burada 580 ədəd gül, ağac və kol bitkiləri əkilib.

Parkın ərazisinin işıqlandırılmasına xüsusi önəm verilib, belə ki, ərazinin işıqlandırılması üçün 147 işıq dirəyi və 230 metr uzunluqda lenta işıqlar, həmçinin 9 ədəd landşaft işıqları quraşdırılıb. Parkın ərazisində müasir tələblərə uyğun 9 ədəd 10 nəfərlik oturacaqlar quraşdırılıb, xüsusi olaraq hərəkət etmək üçün rezin və daş döşəmələrdən istifadə edilib, Parkda “İ love Sabail” lövhəsi quraşdırılıb.

Park ərazisindən dənizkənarı milli Bulvara keçidi təmin edən pilləkən hissəsi də tam yenidən inşa olunaraq müasir interyerdə dizayn edilib. Parkda tikinti və abadlaşdırma işləri aparılarkən əlillərin və fiziki imkanları məhdud olan şəxslərin rahat şəkildə hərəkət etməsi üçün şərait yaradılıb. Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb, uşaqlar üçün uşaq meydançası, idman zonasında müxtəlif trenajorlar və qurğular quraşdırılıb. Yeni park şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti