Bakı. Samir Əli – Trend:
Bakının sərnişindaşıma sahəsinin standartlara uyğunlaşdırılması istiqamətnidə tədbirlər davam etdirilir. Son günlər bir neçə özəl daşıyıcı tərəfindən paytaxta yeni sərnişin avtobusları gətirilib və istismara verilib. Sərnişin rahatlığını təmin etmək üçün daha hansı vacib tədbirlər görülməlidir, paytaxtın avtobus parkının yenilənməsi üçün görülən işlər necə davam edir?
Bu və ya digər məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev Trend-in suallarını cavablandırıb.
- İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli tədbirlər eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus parkının yenilənməsinə marağını artırır. Son on gündə iki özəl daşıyıcı şirkət tərəfindən 62 ədəd müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Avtobusların 12 ədədi İsuzu markalı Azlənd-Plaza MMC, 50 ədədi isə Otocar markalı “Xaliq Faiqoğlu” MMC tərəfindən alınıb. Bu avtobusların hər biri sərnişindaşıma tələblərinə tam cavab verən nəqliyyat vasitələridir. Avtobusların gətirilməsi qeyd olunan daşıyıcıların müvəqqəti istismarında olan marşrut xətlər üzrə sərnişindaşımaların vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Artıq bunun real təsirləri hiss olunmaqdadır. Belə ki, “Xaliq Faiqoğlu” MMC-nin aldığı yeni avtobuslar 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə istifadəyə verilməklə bu xətlərdən çıxarılan "İsuzu" markalı avtobuslar 119, 135 və 199 nömrəli xətlərdə istismarda olan "Daewoo" markalı avtobusları əvəz etdi. Nəticədə Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfər vətəndaşımızın ictimai nəqliyyata olan tələbatı daha etibarlı və daha keyfiyyətli şəkildə təmin edilir.
Qarşıdakı aylarda “Xaliq Faiqoğlu” MMC-nin müvəqqəti istismarında olan digər xətlər üzrə də yenilənmələr olacaq. Çünki daşıyıcı şirkət qardaş Türkiyə respublikasının Otocar şirkətindən ümumilikdə 120 ədəd iritutumlu avtobusun alınması ilə bağlı müqavilə imzalayıb.
Yaxın vaxtlarda daha bir daşıyıcı şirkət “Çinar-Trans” MMC tərəfindən də Bakı şəhərinə yeni avtobusların gətirilməsi planlaşdırılır. Daşıyıcının təqdim etdiyi məluamata əsasən 59 ədəd 12 metrlik sərnişin İsuzu markalı avtobusunun alınacaq. 25 ədədi bu ilin iyununda şəhərimizə çatdırılması nəzərdə tutulan avtbuslar 133 və 202 nömrəli xətlər üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına imkan verəcək.
Eyni zamanda dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq bu il şəhərimizə 170 ədəd 9 metrlik BMC markalı avtobusun gətirilməsi nəzərdə tutulub. Xatırladım ki, 2020-ci ilin dekabırında BNA ilə qardaş Türkiyənin BMC şirkəti arasında 320 ədəd avtobusun alınmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən alınan avtobuslardan 150 ədədi 12 metrlik qalan 170-i isə 9 metrlik avtobuslardır. Çatdırılma planına uyğun olaraq 150 ədəd 12 metrlik avtobusların hamısı artıq şəhərimizdədir. Yaxın vaxtlarda 9 metrlik avtobusların çatdırılmasına start veriləcək. 9 metrlik avtobusların gətirilməsi ətraf kənd və qəsəbələr üzrə sərnişindaşımaların vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
- Həyata keçirilən tədbirlər sayəsində avtobus parkında yenilənmə səviyyəsi necədir?
- Vətəndaşlara həm keyfiyyət həm də təhlükəsizlik baxımından daha müasir sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %-i yenilənib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir ki, bu da şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından önəmli faktordur.
- Avtobus parkının yenilənməsi sərnişindaşımaların yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bəs nəqliyyat sıxlığının azaldılması baxımından bu tədbirlərin nə kimi təsiri var?
- Çox böyük təsiri var. Çünki əhalinin şəhər mühitində hərəkət imkanlarını yaxşılaşdırmaq baxımından ən vacib məqam ictimai nəqliyyatda göstərilən xidmətin səviyyəsini artırmaqdır. Çünki fərdi avtomobillərdən istifadə ilə müqayisədə ictimai nəqliyyatdan istifadə bir sıra baxımından daha səmərəli hesab edilir. Burada söhbət həm iqtisadi həm ətraf mühit həm də şəhər yolların daha az yüklənməsindən gedir.
İri şəhərlərin təcrübəsinə əsasən deyə bilərəm ki, ictimai nəqliyyat şəhər mobilliyinin təmin olunmasında başlıca rola malikdir. Ona görə də iri şəhərlər üçün ictimai nəqliyyatın cəlbediciliyini artırmaq prioritet məsələdir. Son 6 ildə həyata keçirdiyimiz tədbirlər yəni avtobus parkının yenilənməsi, ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, əlçatanlıq üçün marşrut şəbəkəsinin optimallaşdırılması və ən əsası isə səhayət müddətlərinin azaldılması məqsədi ilə xüsusi zolaqların təşkilində də hədəf məhz budur. Bir sözlə son 6 ildə paytaxtımızın nəqliyyat sahəsində həyata keçirilən sistemli tədbirlərə nəzərə yetirsək görərik ki, şəhər mobilliyi kimi müasir nəqliyyat çağırışları əsas faktor kimi götürülüb.