...

ADA Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün üçhəftəlik seminar keçirilir (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2022 12:05 (UTC +04:00)
ADA Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün üçhəftəlik seminar keçirilir (FOTO)

Bakı. Trend:

Aprelin 21-i ADA Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün "Potensialın gücləndirilməsi" Proqramı çərçivəsində təşkil edilən üçhəftəlik seminar silsiləsinin Açılış mərasimi baş tutub.

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən keçirilən Proqramda 20 nəfər iştirak edir.

Açılış mərasimində İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, direktor müavini Aygün Hacıyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti Sədrinin müavini Nigar Bayramova, TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov çıxış ediblər.

Çıxış zamanı qeyd edilib ki, sözügedən Proqram vasitəsilə İnkişaf və Diplomatiya İnstitutu ilə Agentlik arasında əməkdaşlıq daha da genişlənir. Qeyd edilib ki, seminarlarda iştirak edən əməkdaşlar öyrəndiklərini, əldə etdikləri təcrübəni Agentliyin digər əməkdaşları ilə də bölüşəcək, onların da peşəkar inkişafına fayda verəcəklər.

Proqramın ilk həftəsində komandaların idarə edilməsi və motivasiya, səmərəli ünsiyyət, danışıq, liderlik bacarıqları və strateji planlama mövzularında seminarlar keçiriləcək.

Proqramın ikinci həftəsi isə nitq və təqdimat bacarıqları, eləcə də böhran kommunikasiyası mövzularına həsr edilib.

Üçüncü həftə ərzində isə iştirakçılar iş mühitində dəyişikliklərin, həmçinin biznes görüşlərin uğurla idarə edilməsi və peşəkar əlaqələrin qurulması mövzularında seminarlarda iştirak edəcəklər.

Mövzular ADA Universitetinin idarəetmə heyətinin nümayəndələri və müəllim kollektivi, habelə yerli dövlət qurumlarını, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatları, biznes sektorundakı iri şirkətləri təmsil edən qonaq çıxışçılar tərəfindən tədris ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti