Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 11-12 iyun tarixlərində Bakı və Abşeron ərazisində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ümumilikdə üç ünvanda baş tutacaq həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 45 regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət
olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət
göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun
keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın
xidmətlərindən faydalana bilərlər.
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında fermerlər
tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi,
soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin
olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən
fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa
təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda
fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A