Bakı. Trend:
Regionlarda tikilən xəstəxanalar və yaradılan şəraitlə tanış olmaq, dövlət tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələri üçün İcbari Tibbi sığorta üzrə dövlət Agentliyi və TƏBİB-in təşkilatçılığı ilə jurnalistlərin Quba Rayon Mərkəzi Xəstəxanasına media tur təşkil edilib.
Trend xəbər verir ki, 2019-cu ilin oktyabr ayında ölkə başçısının iştirakı ilə əhalinin istifadəsinə verilən Quba rayon Mərkəzi Xəstəxanasında bu gün ən son tibbi avadanlıqlar, dördüncü nəsil cihazlarla təchiz edilmiş laboratoriya və cərrahiyyə otaqları fəaliyyət göstərir.
Səfər çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi
Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional
Perinatal Mərkəzdə olublar.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli
media nümayəndələrinə bildirib ki, müasir səhiyyə infrastrukturunun
mövcudluğu və kadr təminatı icbari tibbi sığortanın uğurlu
tətbiqini şərtləndirən əsas amillərdəndir:
“İcbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də
əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını
artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə
infrastrukturu və kadr təminatı ilə bağlıdır. Ölkə başçısının
tapşırğı ilə Quba ilə yanaşı respublikanın digər bölgələrində də
müasir yeni avadanlıqlarla təchiz edilmiş xəstəxanalar inşa olunub
və ya əsaslı şəkildə təmir olunub. Sevindirici haldır ki, Quba
Rayon Mərkəzi Xəstəxanasında yaradılan bu şərait, yüksək ixtisaslı
kadrların olması şimal bölgəsinin əhalisinə icbari tibbi sığorta
çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan
verir”.
H.İbrahimlinin sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin çoxalıb: “Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810 müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son 3 il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Son 3 il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov isə qeyd edib ki, rayon ərazisində 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsi ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərir:
“Quba rayonunda icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən
başlanılıb. Sistemin tətbiqi ilə əlaqədar olaraq tibb müəssisəsinin
inzibati strukturuna dəyişiklik edilərək yenidən qurulub. İlkin
tibbi-sanitariya yardımının gücləndirilməsi və icbari tibbi
sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın
tərkibində Ailə Sağlamlıq Mərkəzləri, Sığortanın təşkili və
innovasiya, Xəstə xidmətləri şöbələri yaradılıb. Təcili yardımın
keyfiyyətini artırmaq məqsədilə xəstəxananın qəbul şöbəsinin
bazasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılıb.
Burada xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq
çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Həmçinin
xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra Vərəm
əleyhinə bakterioloji laboratoriya fəaliyyətə başlayaraq, son nəsil
avadanlıqlarla təmin olunub”.
Məlumat verilib ki, tibb müəssisəsi 20 şöbədən ibarətdir.
Ümumilikdə 331 çarpayılıq xəstəxanada Radiologiya, Laboratoriya,
Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu,
Nevrologiya, Doğum, Hemodializ və digər şöbələr fəaliyyət
göstərir.
Media-tur zamanı jurnalistlər xəstəxananın şöbələrini gəzib və
icbari tibbi sığortanın tətbiqindən sonra burada quraşdırılan
müasir tibbi avadanlıqlar və cihazların xüsusiyyətləri barədə
məlumatlandırılıblar. Ağır xəstələrə dərman maddələrinin uyğun
dozada yeridilməsi üçün Reanimasiya şöbəsi infuzomatlarla təchiz
edilib. Həmçinin şöbədə 15 ədəd süni tənəffüs aparatı
quraşdırılıb.
Bildirilib ki, xəstəxana EMQ (Elektromioqrafiya), EKQ
(Elektrokardioqramma), USM (Ultrasəs müayinəsi), Rentgenoskopiya,
Kolonoskopiya, KT (Kompüter tomoqrafiyası) və göz müayinələri üçün
lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxanada rayon və şimal
bölgəsinin sakinlərinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi
üçün lazımi şərait yaradılıb.
Quba Regional Perinatal Mərkəzi ilə tanış olan media
nümayəndələrinə Mərkəzin direktoru Şəhla Həsənova bildirib ki,
şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsində
ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım
göstərilir.
“İcbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 7687
hamiləyə stasionar şəraitdə xidmət göstərilib. Bunlardan 75%-i risk
qrupuna aid hamilələr olub. Qəbul olunan doğuş sayı isə 6863 olub.
İcra olunan qeysəriyyə kəsiyi əməliyyatının sayı isə 2021 təşkil
edib. Yenidoğulmuşların reanimasiya şöbəsində isə 1181 körpə
müalicə alıb. Qeyd olunan müddət ərzində heç bir ana ölümü baş
verməyib”.
Quba Rayon Perinatal Mərkəzin Direktoru Şəhla Həsənova məlumat
verib ki, cari ilin sentyabrın 1-nə olan məlumata əsasən Quba Rayon
Perinatal Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb.
O bildirib ki, ölən uşaqlar həddən artıq azçəkili və riskli hamiləlikdən doğulan uşaqlar olub:
"Hazırda klinikada ən az çəkili uşaq 990qramdır və oğlan uşağıdır. Ailənin 8 ildən sonra dünyaya gələn ilk övladıdır və hamiləliyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda saxlanılması üçün həkimlər əllərindən gələn bütün addımları atırlar. Ümumilikdə hazırda küvəzdə 5 vaxtından əvvəl doğulan körpə var".
O qeyd edib ki il ərzində 300- yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib:
"Ölkədə ən aşağı körpə ölümü məhz burada qeydə alınıb. Körpə ölümü 5,8 promildir. Ümumilikdə isə bu il 1800-ə yaxın körpə dünyaya gəlib".
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov doktor məlumat verib ki, əlillik dərəcəsinin təyin edilməsi üçün mərkəzləşdirilmiş qaydada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb.
O bildirib ki, insanların əlillik dərəcəsinə düşüb-düşmədiyini müəyyən edilməsi üçün həkim yoxlaması təşkil ediləcək:
"Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot layihə kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, müvəffəqiyyətlə müsbət nəticələr əldə edilərsə, tam hazır formada layihə kimi digər regionlarda həkim məsləhət komissiyaları fəaliyyət göstərilən tibb müəssisələrinə də təqdim ediləcək".
Qeyd olunub ki, Mərkəz davamlı olaraq yeni avadanlıqlarla təchiz
edilir ki, bu da tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb
olur. Ş. Həsənova əlavə edib ki, ötən il Mərkəz yenidoğulmuşların
təxliyyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobili ilə
təmin olunub. İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi
müdaxiləyə ehtiyacı olan körpələr Mərkəzin mütəxəssisləri
tərəfindən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna
təxliyyə olunurlar.
Media-tur çərçivəsində media nümayəndələri Quba RMX-də oftalmoloji
müayinə olunublar.