...

Dünya Sosial Təminat Forumunda DSMF və DOST Mükəmməllik Sertifikatları ilə təltif ediliblər (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2022 18:28 (UTC +04:00)
Dünya Sosial Təminat Forumunda DSMF və DOST Mükəmməllik Sertifikatları ilə təltif ediliblər (FOTO)

Bakı. Trend:

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə,DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər.

150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DSMF sədri Himalay Məmişova və DOST Agentliyinin sədri Fərid Məmmədova təqdim edilib.

Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə mükəmməl səviyyədə cavab verdiyini, sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir. Fondun həmçinin proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmləri, gələcəyə hədəflənən innovativ yanaşmaları qurumun bu iki mühüm mükafata layiq görülməsini şərtləndirib.

Həmçinin DOST xidmətlərinin beynəlxalq standartlar səviyyəsində olduğu və sosial sahədə mühüm innovativ yenilik kimi qəbul edildiyi bildirilib. Ümumilikdə DSMF və DOST Agentliyi Azərbaycanda Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurumlardır.

Qeyd edək ki, bundan əvvəl də DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını, DSMF Böyük Britaniyada “iESE – The Public Sector Transformation” Təşkilatının ali mükafatını, habelə hər iki qurum BSTA və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 6 mükafatını alıb.

Beləliklə, hazırki yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DSMF və DOST) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb.

BSTA 160 ölkədən 320 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirir və dünyada sosial təminat üzrə qlobal kampaniyaya rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti