Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə bu gün Kliniki Tibbi Mərkəzə (KTM) mediatur təşkil olunub.
Trend-in məlumatına görə, mediaturun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.
KTM-in direktoru Könül Ələkbərov icbari tibbi sığortanın
tətbiqindən sonra struktur dəyişikliklərinin həyata keçirildiyini
və Nəsimi, Yasamal və Səbail rayonları üzrə bir neçə tibb
müəssisəsini özündə birləşdirən “Kliniki Tibbi Mərkəz” publik
hüquqi şəxsin yaradıldığını qeyd edib: “Sığorta tətbiq edildikdən
sonra tibbi xidmətlərin əlçatanlığı baxımından xəstəxanaya
müraciətlərin sayı artıb. 2020-ci il pandemiya dövrünə təsadüf
etdiyi üçün müqayisəni 2019-cu il ilə qeyd edəcəm. Məsələn, 2019-cu
ildə ambulator tibbi xidmət üçün 65 242 müraciət daxil olmuşdusa,
2021 və 2022-ci illərdə müraciətlərin sayı müvafiq olaraq 108
606-ya və 276 835-ə qədər yüksəlib. Cari ildə stasionara qəbul 22
166, cərrahi əməliyyat sayı isə ötən il ilə müqayisədə 3 dəfəyə
yaxın artaraq 9762 olub”.
İcbari tibbi sığortanın yaratdığı imkanlar hesabına KTM-də yeni
tibbi şöbələrin yaradıldığı, müasir tibbi avadanlıqların (EXO, EKQ,
USM, KTQ, Kolonoskopiya və s.) alındığı, Türkiyədə və Avropanın
digər ölkələrində təhsil almış uzmanların işə cəlb olunduğu diqqətə
çatdırılıb: “KTM-də Urologiya, Neyrocərrahiyyə, Torakal
cərrahiyyəsi, Endoskopiya şöbələri yaradılıb. KTM-in tabeliyində
ölkəmizin ən böyük Hemodializ Mərkəzi fəaliyyətə başlayıb. Kəskin
və xroniki hemodializ xəstələrinin Mərkəzdə müalicə edilməsi və
keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əlavə hemodializ
aparatları alınıb, çarpayı sayı 81-ə çatdırılıb. Hemodializ
Mərkəzində Nefrologiya şöbəsi yaradılıb. Burada böyrək mənşəli
hipertenziya, xroniki böyrək çatışmazlığı, kəskin böyrək
çatışmazlığı və s. kimi xəstəliklərin müalicəsi aparılır”.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələrinə bildirib ki, Agentliyin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır: “Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır. KTM-də yaradılan bu şərait, yüksək ixtisaslı kadrların olması icbari tibbi sığortanın uğurlu tətbiqinə və əhalinin xidmətlərdən rahat istifadəsinə imkan verir. Nəticələr də bunu göstərir. Belə ki, bu il ərzində ümumilikdə 127 732 pasiyentə 1 370 000-dən çox tibbi xidmət göstərilib. KTM il ərzində ən çox xidmət göstərən 10 tibb müəssisəsi arasında 4-cü yerdədir. İcra olunan əməliyyatlar əsasən həzm sistemində, əzələ-skelet sistemində, burun, ağız və udlaqda aparılıb”.
Mediatur zamanı jurnalistlər pasiyentlərin tibb müəssisəsinə ilkin müraciət prosesi, icbari tibbi sığortadan istifadə qaydaları, diaqnostik müayinə otaqları, o cümlədən bir neçə tibbi şöbənin fəaliyyəti ilə tanış olublar. Həmçinin, jurnalistlər KTM-də yeni yaradılmış və Cənubi Qafqazın ən böyük Təcili tibbi yardım şöbəsini də gəziblər. Onlar şöbədə yaradılan 2 canlandırma otağı, 8 çarpayılıq mini reanimasiya zalı, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaqlara təcili tibbi yardımın göstərilməsi üçün yaradılan zallarla tanış olublar.