Bakı. Trend:
Qərbi Azərbaycan İcması Şuşa-Xankəndi yolundakı dinc aksiya ilə bağlı bəyanat yayıb.
İcmadan Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:
"Artıq bir neçə gündür ki, müxtəlif QHT-lər, ekofəallar, cəmiyyətin müxtəlif nümayəndələri Şuşa – Xankəndi yolunda aksiya keçirərək Ermənistanın qanunsuz olaraq təbii sərvətlərimizi talamasına, ətraf mühitin çirkləndirilməsinə, Rusiya sülhməramlılarının isə buna şərait yaratmasına, dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun həmin ərazilərə daxil olmasına imkan verməməsinə öz etirazlarını bildirirlər.
Qərbi Azərbaycan İcması olaraq, aksiya iştirakçılarını dəstəkləyir, onlarla həmrəyliyimizi bildiririk. İcma nümayəndələri olaraq Azərbaycan torpağında-Qarabağda təbii sərvətlərin qanunsuz istismarına yox deyirik. Ətraf mühitin çirkləndirilməsinə son qoyulmalıdır.
Azərbaycanın qanunlarına və suverenliyinə hörmət olunmalı, ekoloji monitorinq üçün öz ölkəsinin qanuni ərazisində hərəkət edən Azərbaycan nümayəndələrinə Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmalı, heç bir mane törədilməməlidir".