...

“Səs” müasir çağırışlara cavab verən qəzetdir

Cəmiyyət Materials 11 Yanvar 2023 13:12 (UTC +04:00)

Bakı. Trend:

Trend "SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin müsahibəsini təqdim edir

- Bəhruz müəllim, yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 32 yaşı tamam olur. Ölkəmizin müstəqilliyinin bərpa edilməsindən 9 ay öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırımı təcavüzünə məruz qalmışdı, yüzminlərlə soydaşımız qaçqın-köçkün olaraq, öz doğma torpaqlarından didərgin düşmüşdü.

Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Belə bir çətin dövrdə etiraf edək ki, müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə çətin və məsuliyyətli bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu ağır yükü üzərlərinə götürüb, 1990-cı ilin noyabrında“Səs” qəzetini qeydiyyatdan keçirə bildilər və nəhayət 1991-ci ilin yanvarın 11-də qəzetin ilk nömrəsi çapdan çıxdı. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.

Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. O dövrdə qəzetdə ulu öndər Heydər Əliyevə xalqın sevgi və rəğbətini ifadə edilməsi asan deyildi.

Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərlərinə götürdülər.

Haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevdə görürdülər. Bir faktı qeyd edim ki, o illərdə qəzetimiz 35-40 min tirajla nəşr olunurdu və həmin gün də yayılırdı.

Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Təsadüfü deyil ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə 91 nəfərin imzası ilə tarixi müraciət etdilər. Ulu Öndərimiz xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub. Məhz buna görə Ulu Öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

- "Səs" milli maraqların qorunmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin sağlam ictimai rəyin formalaşmasında və siyasi-ideoloji işin həyata keçirilməsində rolunu necə dəyərləndirirsiniz?

- "Səs" qəzeti həmişə sağlam, obyektiv, cəsarətli media orqanı kimi Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolu oynamaqla yanaşı, bu partiyanın ideoloji təbliğat vasitəsi olub. Təqdirəlayiqdir ki, qəzetimiz illərlə öz mövqeyini qoruyaraq cəmiyyətdə özünəməxsus xüsusiyyətləri ilə mübariz qəzet kimi tanınır.

Bu gün də "Səs" qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir

Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verib. Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək.

- “Səs” qəzeti oxuculara hansı yenilikləri təqdim edir və milli mətbuatın inkişafında nə kimi rol oynayır?

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində QR kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.

Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursuna çevrilib.

Media Qrupumuza daxil olan “Səs” internet televiziyası da indiki informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli yer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xarici ölkələrdən xeyli tamaşaçı izləyir. “Səs TV” gün ərzində internet üzərindən canlı olaraq yayımlanmaqla yanaşı, də “youtube” üzərindən də canlı yayımla verilişlər, xəbər süjetləri ilə tamaşaçılarının marağını çəkir.

Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrin hamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalara çıxır. Məlum olduğu kimi, “Səs” qəzetinın adı elə “səs” sözünü özündə ehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır. Yaxın gələcəkdə “Səs” radiosunun yaradılmasına da nail olacağımıza inanırıq.

“Səs” həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gənc jurnalist yetişib və onların bir çoxu ölkəmizin müxtəlif media orqanlarında, həmçinin xarici media resurslarında işləyirlər. Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbir postlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi, peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin media məkanında özümüzün layiqli yerimizi tutmuşuq.

- Azərbaycanda medianın inkişaf meyilləri və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan mediası öz tarixinin bütün dövrlərində proqresə meyilli, optimist əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rol oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin banisi olduğu "Əkinçi" qəzetindən üzü bəri mətbuatımız şərəfli və çətin yol keçib.

Müstəqilliyimizi bərpa etdikdən sonra isə mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün çətinlikləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

Həqiqətən də, ümummilli lider Heydər Əliyevin Azərbaycanda azad sözün, mətbuatın inkişafında böyük xidmətləri olub. Tam məsuliyyətlə demək olar ki, ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı həqiqi azadlığa nail oldu. Məhz onun diqqət və qayğısı nəticəsində mətbuata qoyulan qadağalar aradan qaldırıldı, müstəqil, azad mətbuatın əsası qoyuldu. Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var. Bu gün ölkədə minlərlə qəzet, jurnal, xəbər saytı, tv, radio, agentlik var və onlar sərbəst fəaliyyət göstərirlər. Mediaya yeni yanaşma, yeni trendlər, qəbul edilmiş yeni qanun imkan verir ki, müasir mediamız azad, demokraik inkişaf etsin.

Ulu Öndərin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısı daim mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Media haqqında Qanunun qəbulu və Medianın İnkişafı Agentliyinin yaradılması dövlətin media siyasətində müasir qlobal çağırışlara operativ və effektiv cavab verməsinin əyani nümunəsidir. MEDİA-nın maliyyə yardımları, qrantlar, jurnalistlərin peşə bacarıqlarının təkmilləşdirilməsi üçün təşkil olunan təlimlər mətbuatımızın inkişafına təkan verib. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il onlarla jurnalist mükafata layiq görülür.

Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verir.

Milli mətbuatımızın ildönümləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və digər mükafatlar verilməsi media mənsublarının əməyinə verilən layiqli qiymətdir. Bundan başqa, jurnalistlərin sosial müdafiəsi, mənzil-məişər şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb.

İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin bu gün milli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti