Bakı. Trend:
Hepatit C nədir?
Hepatit C, eyni adlı virusun qaraciyərdə iltihaba yol açması ilə əmələ gələn bir xəstəlikdir. Bu xəstəlik viral, yəni virusların səbəb olduğu xəstəlikdir və qaraciyərdə ciddi fəsadların yaranmasına gətirib çıxara bilir.
Hansı formaları vardır?
Xəstəliyin əsas 2 forması vardır: Kəskin və xroniki. Əlamətlər Hepatit C-nin kəskin, yoxsa xroniki olmasını təyin etməkdə yardımçı olmaqdadırlar. Xəstəlik 6 ay və bundan daha qısa davam edərsə, bu kəskin, 6 aydan uzun bir müddət davam edərsə isə, xronik Hepatit C adlandırılır. Kəskin forma zamanında müdaxilə edilmədikdə xroniki hala keçə bilir. Xronik hepatit isə ömrümüzün sonunadək davam edə bilər, çünki orqanizmimizin bu virusdan özünü tək başına tam sağalda bilməsi olduqca çətindir. Kəskin forma 30% xəstələrdə öz-özünə də sağalıb itə bilir.
İrəli dövrlərdə hepatit C xəstəliyi qaraciyər sirrozuna səbəb ola bilər. Sirroz dəyişkən faktorların səbəb olduğu qaraciyər zədələnməsinin son mərhələsidir. Xronik forma xəstələrinin 20%-də zamanla qaraciyər zədələnməsi görülməkdədir ki, bu da 15-20 il içində qaraciyər sirrozunun meydana gəlməsinə səbəb olur. Sirroz xəstəliyində qaraciyər o qədər zədələnir ki, artıq özünü yeniləyə bilməyəcək həddə gəlib çatır. Bu vəziyyətdə qarında assit mayenin toplanması, ezofaqus damarlarda qanaxma daxil bir çox sağlıq problemləri ortaya çıxır. Qaraciyər öz funskiyasını yerinə yetirə bilmədikdə isə orqanizmdə filtrə edilməmiş toksinlər, zəhərli maddələr qan dövranında toplanmağa başlayır və bunlar beyinə belə zərər verə bilir. Alkoqol qəbul edən insanlarda isə bu risk daha da yüksəkdir.
Hepatit C əlamətləri hansılardır?
Hepatit C xəstəliyi qaraciyər zədələnməyənədək heç bir əlamət büruzə verməyən, səssiz bir xəstəlikdir. Xəstəliyə yoluxmuş bir çox insan özündə hər hansı bir rahatsızlıq görməz. Məhz buna görədir ki, xəstəlik daha çox təsadüfi laborator analizlərdə aşkarlanır. Bu səbəbdən bir çox insan həkimə geçikmiş mərhələdə müraciət edirlər. Xəstəliyə yoluxmuş insanların 4-də birində aşağıdakı şikayətlərə rast gəlinə bilər:
- Halsızlıq
- İştahsızlıq
- Sarılıq, üzdə və gözdə sarılıq
- Dəridə qaşıntı
- Qarında su yığılması, şişkinlik
- Ayaqların şişməsi
- Dərinin asan qanaması, göyərməsi
- Səbəbsiz çəki itkisi
- İshal
- Tünd rəngli sidik ifrazı
- Nəcisin açıq rəngli olması
- Qaraciyər nahiyəsində ağrı
- Aşağı dərəcəli hərarət
- Dəridə damarların hörümçək toru şəklində görünməsi
- Oynaq ağrıları
- Ürək bulanma, qusma
- Qarın ağrısı
Yuxarıda qeyd olunan şikayətlər əslində digər xəstəliklərdə də rast gəlinə biləcək ümumi simptomlar olduğu üçün ən düzgün qərar laboarator analizlərin nəticələrinə əsasən verilməlidir. Hepatit C xəstəliyinin əlamətləri virusa yoluxduqdan 6 və ya 7 həftə sonra ortaya çıxa bilər.
Hepatit C xəstəliyi necə yoluxur?
- Xəstəliyi daşıyan bir insandan qan almaqla, qan köçürmə ilə
- Hepatit C-li bir insanla cinsi əlaqədə olmaqla
- Yoluxmuş insanın üzqırxan, manikur-pedikür dəstindən, dırnaq tutanından və digər zədələnməyə səbəb ola biləcək əşyalardan ortaq istifadə etməklə
- Hepatit C-li qana bulaşmış iynənin batması ilə
- Bu xəstəlik eyni zamanda hamilə qadından uşağına da keçə bilər
- Xəstəlik ana südü ilə yoluxmaz. Amma ananın uşağı əmizdirərkən döş nahiyəsində çatlanma və qanama olarsa, bu yolla uşağı da yoluxdura bilər.
- Orqan transplantasiyası
- Tatu, iynə ilə müalicə zamanı xəstəliyə yoxulma riski çoxdur.
- Alkoqol qəbulu da xəstəliyin yaranmasına səbəb ola biləcək əlamətlər arasındadır.
Unutmayın ki, Hepatit C öskürmə, asqırma kimi yollarla keçməz.
Virus hepatitlər yoluxucu olduqları üçün cəmiyyət üçün də çox ciddi bir sağlıq problemidir. Hapatit C daşıyıcısı olan insanlar da xəstə olmasalar belə, qan və digər vücud mayeləri ilə xəstəliyi digər insanlara yoluxdura bilərlər.
Hepatit C virusu öldürürmü?
Xəstəliyin xronikləşməsi halında müəyyən bir dövrü keçdikdən sonra qaraciyər sirrozu və qaraciyər xərçənginə keçmə riski artdığı üçün bunun ölümcül bir xəstəlik hesab olunduğu bilinməlidir. Lakin bu pasiyentləri qorxutmamalıdır. Vaxtında aşkar olunmuş və düzgün müalicə alan xəstələrdə bu risk çox aşağıdır.
Diaqnoz necə qoyulur?
Hepatit C sadə bir qan testi ilə təyin edilə bilər. Bu testdə qandakı anti-HCV antikorlarının sayı müəyyən edilir. Əgər müsbət cavab alınarsa, diaqnozu təsdiqləmək üçün əlavə olaraq PCR adında bir test də edilməlidir. Bu testin cavabı düzgün diaqnoz üçün yetərlidir.
Xəstəlikdən qorunmaq üçün vaksin varmı?
Təəssüf ki, xəstəlikdən qorunmaq üçün hər hansısa bir vaksin mövcud deyil. Lakin müasir tibb bu mövzuda daim işlər aparmaqda davam edir. Həkimlər isə Hepatit C-li xəstələrə A və B vaskini vurdurmağı məsləhət görürlər.
Hepatit C-nin müalicəsi necə aparılır?
Əvvəlki illərdə çox qorxulu bir xəstəlik hesab edilən Hepatit C rahatlıqla deyə bilərik ki, müasir dövrdə tamamilə sağala bilən bir xəstəlikdir. Əvvəllər iynə və dərmanlar ilə müalicə olunmağa çalışılan bu xəstəlik, hal-hazırda qısa bir müalicə periodu ilə (3 aylıq müalicə kursu ilə) və əks təsirləri minimum olan dərmanlarla müalicə edilməkdədir.
Xəstəlik barədə Qastroenteroloq Dr. Ülvi İbrahimovun video reportajından daha ətraflı məlumat ala bilərsiniz.
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32