...

Bakıda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2023 13:23 (UTC +04:00)
Bakıda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar mart ayının 18-də paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.

BŞİH-dən Trend-ə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti