Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Daşların harayı” adlı tədbir keçirib.
İdarədən Trend-ə verilən məlumata görə, İdarənin rəhbərliyi və əməkdaşlarının, İçərişəhər Ağsaqqallar Şurasının üzvlərinin, “Qoru” Gənclər Təşəbbüs Qrupunun könüllülərinin iştirak etdiyi tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvanşahlar Sarayı Kompleksində təşkil edilmiş tədbirdə çıxış
edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə
tədbirin tarixi məkanda keçirilməsinin təsadüfi olmadığını, Sarayın
bu qanlı hadisələrə “şahidlik” etməsini, onun divarlarının bu günə
kimi qanlı tarixin izlərini saxladığını vurğulayıb. İdarə sədri
1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı
dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi
soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən
biri olduğunu və soyqırımından 80 il sonra - 1998-ci il martın
26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat
siyasi qiymət verildiyini və 31 mart tarixinin “Azərbaycanlıların
Soyqırımı Günü” elan edildiyini qeyd edib.
Daha sonra çıxış edən “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi
Səadət Ələkbərova soyqırımı tarixindən danışaraq həmin faciədə
İçərişəhər əhalisinin yaşadığı fəlakətlərin tarixi
araşdırmalarından bəhs edib, daşnak-bolşevik silahlı dəstələrinin
hücumu zamanı həmçinin İçərişəhərin tarixi abidələrinə qarşı
törədilən dağıntılar barədə məlumatlar verib.
Tədbirdə iştirak edən İçərişəhər sakini Mələk Hacıyeva həmin döyüşlərin iştirakçısı olan babasına türk sərkərdəsi Nuru Paşa tərəfindən hədiyyə edilmiş və bu günə kimi yadigar qalan məğlubedilməzlik rəmzi - qəməni iştirakçılara nümayiş edərək xatirə haqqında maraqlı məlumatlarla çıxış edib.