Bakı. Trend:
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların siyahısı genişləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, tullantı yağları da sözügedən siyahıya əlavə ediləcək.
Bildirilib ki, sahibkarlıq subyektləri ilə keçirilmiş bir sıra görüşlərdə vergi ödəyiciləri tərəfindən tullantı yağlarının 50 faizə qədərinin vergi uçotunda olmayan fiziki şəxslərdən alındığı və nağd ödənişlər üzrə müəyyən edilmiş aylıq 30 min manatlıq limitin həmin əməliyyatlara görə ödənişlərin aparılmasında çətinliklər yaratdığı bildirilib.
Qeyd olunan halda isə tullantı yağlarının qəbulunu həyata keçirən vergi ödəyiciləri bu cür malları nağd qaydada alıb (müxtəlif fiziki şəxslərin adına) rəsmiləşdirmək məcburiyyətində qalır.
Qanunun qəbul edilməsi nəticəsində vergi ödəyicilərinin gündəlik praktik fəaliyyəti zamanı yaranan çətinliklərin aradan qalxması, tullantı yağlarının ixracının ölkəyə valyuta gətirilməsinə müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.
