...

İnvestisiya gəlirlərindən əldə olunan vəsait bu istiqamətlərə yönəldiləcək

Cəmiyyət Materials 17 Aprel 2023 16:38 (UTC +04:00)
İnvestisiya gəlirlərindən əldə olunan vəsait bu istiqamətlərə yönəldiləcək

Bakı. Trend:

İnvestisiya gəlirlərindən əldə olunan vəsait sosial müdafiə, habelə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması işlərinə yönəldiləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumatda deyilir:

Prezident İlham Əliyev tərəfindən bu gün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalanıb.

Yeni qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitlərini investisiyaya yönəldilməsi imkanına malik olacaq. Bununla əlaqədar Qanuna sərbəst vəsait və investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.

Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox olmamalıdır. Həmçinin banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.

Qaydaya əsasən, Fondun investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:

- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;

- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti