Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu İstisu qəsəbəsində keçirib.
Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, qəbulda İstisu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.
Sakinlər yeni salınan yaşayış massivinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyuna olan təlabatın dənilməsi və bir neçə fərdi müraciət səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.