...

Yevlaxda Ulu Öndərin 100 illiyi münasibətilə elmi seminar keçirilib

Cəmiyyət Materials 9 İyul 2023 05:19 (UTC +04:00)
Yevlaxda Ulu Öndərin 100 illiyi münasibətilə elmi seminar keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, tədbirdə Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan tədbirdən öncə, məktəbin qarşısında şəhidlərin əbədi xatirəsinə həsr olunmuş barelyefin önünə gül dəstələri düzülüb.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov tədbir iştirakçılarını salamlayıb, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Milli təhsilimizin dinamik və davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən E.Kərimov dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib.

MDU-nun rektoru Şahin Bayramov Ümummilli Liderimizin müasir Azərbaycanın qurulmasına və gücləndirilməsinə həsr olunmuş zəngin irsinin öyrənilməsi və təbliği sahəsində təhsil işçilərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. Heydər Əliyevin hakimiyyətdə olduğu illərin Azərbaycan təhsilinin sürətli yüksəliş dövrü kimi tarixə düşdüyünü vurğulayan Ş.Bayramov dahi şəxsiyyətin müəllim nüfuzunun artırılması, təhsilin bütün pillələri üzrə maddi-texniki bazanın gücləndirilməsi və gənclərin xarici ölkələrin aparıcı universitetlərində ali təhsil alması istiqamətlərində titanik fəaliyyətindən danışıb.

Sonra MDU alimlərinin təqdimatında məruzələr dinlənilib. Universitetin akademik heyət üzvlərindən Namaz Manafov “Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri”, Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Flora Namazova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Tədbirdən sonra, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin sinif otaqlarına və laboratoriyalarına baxış keçirilib.

Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti