Bakı. Trend:
Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.
Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.
Qeyd edək ki, körpə ötən ayın 17-də anası tərəfindən zibil qutusuna atılmışdı. Körpə Bakı Şəhər Sabunçu rayonu 12-ci Polis Bölməsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evinə qəbul edilmişdi. Körpə qəbuldan sonra tibbi müayinədən keçirilməsi üçün 2 saylı Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasına göndərilmişdi.