Bakı. Trend:
Bu gün Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.
Trend xəbər verir ki, Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
Ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.
Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.
Qeyd edək ki, oktyabrın 2-də Prezident Administrasiyası Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı şərtləri açıqlayıb.
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.
Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.