Bakı. Trend:
07-09 dekabr 2023-cü il tarixlərində Milli Aviasiya Akademiyasında (MAA) beynəlxalq səviyyədə tanınmış elm xadimləri və tədqiqatçıların iştirakı ilə “The 2d International Innovation Management and TRIZ Conference” (IIMTC) adlı tədbir keçirilib.
Trend xəbər verir ki, açılış mərasimində MAA-nın Yeni texnologiyalar üzrə prorektoru Prof. Xəqani Abdullayev, Türkiyənin Qazi Universitetinin rektoru, Prof. Musa Yıldız, Innovation Management and TRIZ Institute - IMTI-nin idarə heyətinin sədri Prof. Ali Kutvan çıxışlarında qonaqlara IIMTC-nın məqsədləri haqqında ətraflı məlumat təqdim etdilər.
Qeyd olundu ki, müasir dövrdə təhsil alanlara innovasiya texnologiyalarının, TRIZ ixtira alətlərinin (TRİZ – ТРИЗ, Теория решения изобретательских задач – İxtira məsələlərinin həlli nəzəriyyəsi) təşviq edilməsi böyük əhəmiyyət kəsb edir.
Daha sonra TRİZ nəzəriyyəsinin müəllifi, məşhur ixtiraçı, yazıçı fantast Genrix Altşuller adına Şərəf medalının (HONOR AWARD) təqdimat mərasimi keçirildi. G.Altşuller adına ilk medal MAA-nın rektoru, akademik Arif Paşayevə təqdim olundu.
Innovation Management and TRIZ Institute İdarə Heyyətinin 63 nömrəli qərarına əsasən G.Altşuller adına Şərəf medalı təqdim olundu: Prof. Musa Yıldıza, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, TRİZ Master, Prof. Viktor Feyə, G.Altşullerin nəvəsi, Altşuller Fondunun təsisçisi Yuna Komarçevaya, SSRİ Əməkdar ixtiraçısı Prof. Fəxrəddin Həbibova və Bakı Avropa Liseyinə təqdim edildi.
Konfransın davamında əsas məruzəçilər – TRİZ Master, Prof. Viktor Fey, Süni intellekt texnologiyaları (AI) üzrə “Alpine Gate AgI” şirkətinin icraçı direktoru Con Qodel, Qazi Universitetinin professoru Çetin Elmas, Azərbaycan Texniki Universitetinin professoru Mehman Həsənov – təqdimatlarını IIMTC iştirakçılarının diqqətinə təqdim etdilər.
Konfransda gənclər arasında ixtiraçılıq üzrə “TRIZ Developers Summit” Beynəlxalq müsabiqəsinin “GRAND PRİX 2023” mükafatı Bakı Avropa Liseyinin şagird və müəllimlərinə təqdim olundu.
Konfrans çərçivəsində “TRİZ nəzəriyyəsi ixtira alətlərinin ali təhsil müəssisələrinin tədris prosesində istifadə imkanları haqqında” adlı Panel Sessiya təşkil olundu. Sessiyada moderator İMTİ-nın icraçı direktoru Natiq Əliyev, TRİZ Master, Prof. Viktor Fey (Amerika Birləşmiş Ştatları), SSRİ-nın Əməkdar ixtiraçısı Prof. Fəxrəddin Həbibov (Azərbaycan), Yazıçı-fantast, TRİZ Master, PhD Pavel Amnuel (İsrail), TRİZ Expert, “Compino TRİZ” müəssisəsinin həmtəsisçisi Anton Kulakov (Rusiya Federasiyası), MAA-nın TRİZ Klubunun sədri Səidə Əhmədova (Azərbaycan) çıxış etdilər.
MAA-nın TRİZ Klubunun nəzdində startap layihələrinin səmərəliliyi və bununla əlaqədar TRİZ ixtira alətlərinin tədrisin müvafiq mərhələlərində tətbiqi haqqında fikir mübadiləsinin nəticələri üzrə bu istiqamətdə İMTİ və MAA vasitəsilə TRİZ eksperlər işçi qrupunun təsis edilməsi IIMTC-nın Təşkilat komitəsinə təklif edildi.
IIMTC-nın ikinci gününün Panel Sessiyasında (moderator - IMTI layihə meneceri Aynur Hümbətli) beynəlxalq tədqiqatçıların və ali təhsil müəssisələrinin alimlərinin iştirakı ilə İnnovasiya və TRİZ mövzusuna dair elmi məqalələrinin təqdimatı keçirildi.
Qeyd olundu ki, konfransda təqdim olunan məqalə və materiallar beynəlxalq akademik nəşrlərə (Web of Science, Scobus, EBSCO indeksləri) təqdim olunmaq üçün qeydiyyatdan keçiriləcək.
Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmi şəxslər iştirak edirdilər.