...

Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2024 15:42 (UTC +04:00)
Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteraların iştirakı ilə növbəti görüş keçirilib.

Trend xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib:

“Gənclər və veteranlar arasında bu cür görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti mövcuddur. Çünki məhz bu cür görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər. Onlar məhz veteranların simasında vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir parçası olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar.

Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Bildiyiniz kimi, həm Ulun öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev xalqımızın milli mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğ edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, milli soykökünə, milli mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir.

Mən qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğrular arzulayıram. Əminən ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da əl-ələ, çiyin-çiyinə milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışına anındaca səs verəcəklər”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu Öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşamasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

"Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Xalq yazıçısı Elmira Axundova da 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldğını, bütrün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib:

“Biz 44 günlük müharibədəki zəfərimizə görə hər şeydən öncə qəhrəman şəhidlərimizə və qazilərimizə, Müzəffər Ali baş Komandanımıza, onun ətrafında yumruq kimi birləşən xalqımıza, onun fədakarlığıa borcluyuq.

Vətən müharibəsində İlham Əliyev əsl sərkərdəlik bacarığı sərgilədi. O, 44 gün ərzində bir dəfə belə belə olsun hərbi mundiri əynindən çıxarmadı. Bütün təzyiqlərin qarşısında mətanətlə, cəsarətlə dayandı. O, qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri ilə sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Böyük inam və qətiyyətlə bildirirəm ki, biz veteranlar öz liderimizi dəstəkləyirik və bundan sonra da onun hər bir çağırışına bütün qəlbimizlə səs verəcəyik”.

Tədbirin sonunda bəzi veteranlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanlar və üzvlük vəsiqələri paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti