...

Türkiyə-Azərbaycan birgə Universiteti təhsilimizə nə qazandıracaq? - AÇIQLAMA

Cəmiyyət Materials 20 Fevral 2024 13:18 (UTC +04:00)
Türkiyə-Azərbaycan birgə Universiteti təhsilimizə nə qazandıracaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə artır.

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb.

"Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm verib.

1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil bakanlarının toplantısı keçirilib və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilib. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsilişində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilib".

K.Əsədov vurğulayıb ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsilsahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib.

"Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin, Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır.

Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsi yaradılması çox mühüm hadisədir.

Qeyd edim ki, hazırda Türkiyədə 35 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.

Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri var, həyya bəyannamə də imzalanıb, həmçinin, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var.

Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir.

İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair bütün proses bu 2024-cü ildə başa çatacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda, xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.

Digər tərəfdən, Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var.

Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır və bu artıq var. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var.

Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçinov adına Moskva Tibb Universitetinin, Lomonosov adına Moskva Beynəlxalq Universitetinin Azərbaycanda filialları var. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda, xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar.

Türkiyə Azərbaycan birgə Universiteti Azərbaycan Universitetləri arasında rəqabət mühitinin yaxşılaşdırılmasına təkan verəcək", - deyə K.Əsədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti