Bakı. Trend:
Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
Trend xəbər verir ki, 4 martda heykəl Evian şəhərindən götürüb, 6 martda Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəli götürərkən üzərindəki örtük açılmış və müəyyən olunmuşdur ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
Qeyd edək ki, Fransanın son zamanlar rəzilliyi, anti-Azərbaycan mövqeyi o həddə çatıb ki, ölkəsində Azərbaycanı xatırladan nə varsa məhv etməyə çalışır. Adıçəkilən ölkənin kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Fransa hazırda Cənubi Qafqazda yeni gərginliyin yaranmasının səbəbkarı, növbəti qarşıdurmanın və hətta mümkün hərbi əməliyyatın təkanverici qüvvəsi, konfrontasiyanın müəllifidir. Artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Parisin anti-Azərbaycan mövqeyinin mühüm səbəblərindən biri, sözsüz ki, rəsmi Bakının fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri dünyaya çatdırmasıdır. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Rəsmi Bakı iki ölkə arasında körpülərin birdəfəlik yandırılmasında maraqlı deyil. Azərbaycan heç bir ölkə ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb, heç olmayacaq da. Fransanın isə bu reallığı başa düşməsi, qəbul etməsi zəruridir.
Bundan başqa, Emmanuel Makron hələ də havadarlıq etdiyi işğalçıların məğlubiyyətini həzm etmək istəmir. Çünki Fransa indiyədək ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışmadı. Amma ötən müddət ərzində bunun tam əksi müşahidə olunub. Fransa işğalçı Ermənistanı, onun işğalçı siyasətini dəstəklədi.
Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib.
Demokratiyadan dəm vuran Fransa neokolonializm siyasətini hər vəchlə davam etdirir. XXI əsrdə özünü insan hüquqlarına hörmət edən əsas ölkə adlandıran rəsmi Paris Mayot adası, Yeni Kaledoniya, digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır. Lakin bu siyasət də fiasko ilə üzləşməkdədir. Keçmiş müstəmləkəsi Nigerdən biabırcasına qovulduqdan sonra Fransa nəzarət etdiyi Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmaq istiqamətində aktiv fəaliyyətə keçib.
Yeri gəlmişkən, Fransanın ən qəddar müstəmləkə siyasətini həyata keçirdiyi ölkələrdən biri məhz Əlcəzair olub. Bu ölkədə 1,5 milyon nəfər fransızlar tərəfindən qətlə yetirilib, 100 minlərlə insan yaralanıb. Məlumata görə, Fransa hökuməti Əlcəzair xalq hərəkatını yatırmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət nəhəng ordu göndərib. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ruandada Fransanın birbaşa təhriki ilə 6 aprel 1994-cü ildə həyata keçirilən soyqırım nəticəsində 800 min insan həlak olub.
Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda eyni qanlı əməlləri törədib. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törədiblər. Təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını fransızlar güllələyib.