...

Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir - AGF-nin baş katibi

Cəmiyyət Materials 20 Aprel 2024 20:18 (UTC +04:00)
Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir - AGF-nin baş katibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir, inkişaf tempi hər gün daha da sürətlənir

Trend xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sayəsində gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb. Hesab edirəm ki, gənc Azərbaycan idmançıları nəsli, idmana yeni gələnlər çox xoşbəxtdirlər, çünki ölkədə idmançıların formalaşması və inkişafı üçün bütün imkanlar yaradılıb", - deyə o qeyd edib.

Azərbaycan Gimnastika Federasiyasının hər zaman beynəlxalq yarışları yüksək səviyyədə keçirdiyini deyən Nurlana Məmmədzadə AGF-nin böyük təşkilatçılıq təcrübəsinə malik olduğunu vurğulayıb:

"Biz qapılarımızı inamla bütün nümayəndə heyətlərinin üzünə açırıq. Federasiyamızın daha bir üstünlüyü ondan ibarətdir ki, yerli təşkilat komitəsinin komandası gənclərdən ibarətdir. Hesab edirəm ki, uğurlu təşkilatın amillərindən biri də bizim yeniliyə açıq olmağımız, gənc kadrlarımızın isə yeni ideyalar və maraqlı təkliflərlə dolu olmasıdır".

Azərbaycan Gimnastika Federasiyasının baş katibi əlavə edib ki, hazırda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində komandalar arasında çox maraqlı mübarizə gedir.

"Ümid edirik ki, komandamız ilk növbədə yaxşı çıxışlar göstərəcək. 2024-cü il mühüm ildir, Olimpiya ilidir və idmançılar yaxşı formada olmaq üçün Olimpiadadan əvvəl yarışmağa çalışırlar. Bəzi idmançılar artıq lisenziya qazana bilib, digərləri isə son şanslarından istifadə etməyə çalışırlar. Bakıda keçirilən Dünya Kubokunda bir çox ulduzlar iştirak edirlər. Onların arasında ötən il Bakıda keçirilən Avropa çempionatının bürünc mükafatçısı azərbaycanlı gimnast Zöhrə Ağamirova da var. Qrup hərəkətlərində komandamız ötənilki Avropa çempionudur", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti