Bakı. Trend:
Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə bu barədə bilavasitə məsuliyyət daşıyan vəzifəli tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov deyib.
"Yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır. Yoxlama tədbirləri ilin sonunadək davam edəcək. Qaydaların və təlimatların pozulması halları yolverilməzdir", - deyə o bildirib.
Xatırladaq ki, may ayında paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.