Bakı. Trend:
24 iyul 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını
həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən
Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu
barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi
keçirilib.
Trend xəbər verir ki, xarici
ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində
saxlanılıb.
Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb
Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının
icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla
razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik
zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər
etməkdə təqsirləndirilir.
Məhkəmə prosesində digər dəlillərlə yanaşı İqbal Əbilovun Yerevan
Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və
Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru
- Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın
ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik
Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və
sövdələşmələri də elan edilib.
Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının
nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri
cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma
təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO
ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı
düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də
şübhələr var.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə
xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin
tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci
(milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər)
maddələri ilə ittiham elan olunub.
Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri
seçib.