Ağdam. Trend:
Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş və hələ də onların taleləri barədə heç bir məlumatı olmayan bir qrup insanın işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.
Trend xəbər verir ki, 40 nəfərlik heyət Ağdam və Xocalı Şəhidlər xiyabanını, Xankəndi və Şuşa şəhərlərini ziyarət ediblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən təşkil olunan səfərdə iştirak edənlər bu torpaqlarda öz doğmalarının izini axtardıqlarını dilə gətiriblər.
Səfər iştirakçıları Ağdam şəhər Şəhidlər xiyabanında düşmən trəfindən dağıdılmış məzarları ziyarət etdikdən sonra Xocalı Şəhidlər xiyabanına gedib, burada yerləşən qəbirlər önünə gül dəstələri düzüblər. Kameralar önündə çıxış edənlər itkin düşmüş doğmaları haqqında məlumatların əldə edilməsini təmin edən hüquqlarından danışıb və media vasitəsi ilə beynəlxalq təşkilatlara çağış ediblər.
Səfər iştirakçıları Xankəndi şəhəri ilə tanış olduqdan sonra Şuşa şəhərinə gedərək Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.