Ağdam. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər ediblər.
Trend xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə 40 nəfərdən ibarət itkin ailələri öncə Ağdam şəhər şəhidlər xiyabanına gəliblər.
Onlar burada işğalçı Ermənistan ordusu tərəfindən dağıdılmış şəhid məzarlarını ziyarət edib, məzar üzərinə çiçək dəstələri düzüblər.
Sonra səfər heyəti Xocalı rayonuna gələrək müharibə illərində itkin düşmüş, lakin sonradan nəşləri tapılaraq Xocalı ərazisində dəfn edilmiş şəhidlərin məzarını ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Daha sonra itkin ailəsi üzvləri Xankəndi şəhərinə gəliblər.
Zəfər meydanına gələrək itkin düşmüş doğmaları barədə mediaya məlumat veriblər. Həmçinin səfər iştirakçıları əzizlərinin məzar yerlərinin bildirilməsi üçün beynəlxalq təşkilatlara media vasitəsilə müraciət ediblər.
Qeyd edək ki, itkin ailələrinin üzvləri Şuşa şəhərini ziyarət edəcəklər.