Bakı. Trend:
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Polşa Azərbaycanlıları Şurasının, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Varşava şəhərində azərbaycanlı repçi Orxan Zeynallının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “40-cı Paralel-Varşava” adlı konsert proqramı keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, repçi Orxan Zeynallının və vokalist Nərgiz Məcidlinin ifasında səsləndirilən “40-cı Paralel”, “Torpaqdan Ev” və digər rep, eləcə də musiqi nömrələri böyük maraqla qarşılanıb. Konsertə Avropanın müxtəlif şəhərlərindən 700 nəfərdən çox adam qatılıb.
Zəfər günü münasibətilə tamaşaçıları təbrik edən Orxan Zeynallı torpaqlarımızda bir daha müharibənin olmamasını arzulayıb. Konsertə dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, təşkilatçılığa görə Polşa Azərbaycanlıları Koordinasiya Şurasına təşəkkür edib.
Konsertin növbəti günü Varşava Azərbaycan Evində Orxan Zeynallının pərəstişkarları ilə görüşü təşkil edilib. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mehriban Sultanova Varşava Azərbaycan Evində görüş iştirakçılarını salamlayaraq, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə onları təbrik edib.
Çıxışlarda Komitənin dəstəyi ilə dünyanın bir çox ölkələrində 8 Noyabr – Zəfər günü münasibətilə tədbirlərin təşkilinin, bu bayramın xaricdə yaşayan soydaşlarımızla birgə qeyd olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tarixi zəfəri xalqımıza yaşadan, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan silahlı qüvvələrinə minnətdarlıq bildirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib, qazilərə və müharibə iştirakçılarına can sağlığı arzulanıb.
Görüş Orxan Zeynallının və soydaşlarımızın səmimi söhbəti ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.