Bakı.Trend:
Ünsiyyət - kommunikasiyadır. Ünsiyyət zamanı biz öz hiss və duyğularımızı, fikirlərimizi ifadə edir, təhlükəsizliyimizi təmin edirik. Ünsiyyət uşaq anadan olduğu andan ağlayarkən və ananın da ona cavab verməsi ilə başlayır. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun loqopedi Aytəkin Hacıyeva deyib.
Trend A.Hacıyeva ilə müsahibəni təqdim edir:
- Aytəkin xanım, ilk öncə nitqin insan həyatındakı rolu haqqında məlumat verərdiniz...
- Nitq ünsiyyət zamanı ortaya çıxdığı üçün ilk öncə ünsiyyətin
vacibliyini qeyd etmək istəyərdim. Ünsiyyətə girmək bacarığı
özümüzü bir şəxsiyyət kimi təsdiq etmək və əlaqələr qurmaq üçün
vacib amildir.
Ünsiyyətin 2 forması var - verbal və qeyri-verbal. Nitq də
ünsiyyətin verbal, yəni sözlə ifadə olunan formasıdır. Nitqdən
istifadə bizə ünsiyyət zamanı özümüzü sözlərlə ifadə edə bilməyə,
fikirlərimizi söz və cümlələrlə qarşı tərəfə bildirməyə imkan
verir.
Nitq insanın ən ali psixi funksiyasıdır. Yəni, nitqin baş
verməsində bir çox psixi funksiyalar, məsələn qavrama, təfəkkür,
təhlil etmə və s. birlikdə iştirak etməlidir. Nitq qığıldama və
işarələrdən, təqliddən başlayıb, öz dilində sərbəst və düzgün
danışmağa qədər inkişaf edir. Nitq insanların anadangəlmə
qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır və
ətrafdakı bir çox amillərdən asılıdır. Nitq üçün birinci eşitmək
vacibdir. Daha sonra mərkəzi nitq aparatında baş verən anlama və
sözlərlə ifadə edə bilmək bacarığı, periferik nitq aparatında isə
ağız, dil, dodaq, yumşaq damaq, udqunma, nəfəs alıb-vermənin normal
qaydada olmağı lazımdır. Eyni zamanda, sosial varlıq olduğumuz üçün
insanlarla sözlə ünsiyyət olduqca önəmlidir.
- Nitq pozuntuları daha çox kimlərdə müşahidə olunur və əsas səbəbləri hansılardır?
- Nitq pozuntuları həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. Uşaqlarda daha çox anadangəlmə və funksional pozuntular zamanı, böyüklərdə isə sonradan qazanılmış nitq pozuntularına rast gəlinir. Əsas səbəbləri nevroloji, fizioloji, çevrə qaynaqlı faktorlar ola bilər.
- Nitq pozuntuları necə və hansı üsullarla aradan qaldırılır?
- Aradan qaldırılma üsulları pozuntunun yaranma səbəbindən birbaşa asılıdır. Hər bir nitq pozuntusunun ayrılıqda korreksiya üsulları var. Əgər pozuntu sadəcə funksional səbəbdəndirsə, o zaman loqopedik seanslar aparılır. Yox, əgər patoloji səbəb varsa və ikincili, üçüncülü səbəb kimi ortaya çıxıbsa, onda loqopedik seanslar pedaqoji, psixoloji, medikamentoz, fizioterapevtik və s. müalicə ilə birgə aparılır. Korreksiya işi zamanı əsasən şifahi və yazılı tapşırıqlar eyni anda nümayiş etdirilir. Nitqin bərpası prosesində sağlam analizatorlar, əsasən görmə və hərəki analizatorlara istinad etmək lazımdır. Loqopedik seanslara masaj, artikulyar aparatın gimnastik hərəkətləri, şifahi və yazılı nitqin bərpası, impressiv və ekspressiv nitq üzərində iş və s. daxildir. Bu zaman təyin olunan xüsusi terapiyalarla nitqdə özünü göstərən pozuntular qismən, ya da tamamilə aradan qaldırılır.
- Adətən rast gəlinən nitq pozuntusu haqqında məlumat verə bilərsiniz?
- Böyüklərə daha çox "afaziya" və "dizartriya" kimi qazanılmış
nitqin itməsi müşahidə olunur. Bu pozuntular da daha çox insultdan
sonra baş verir. İstər nitqin sensor (qavrama), istər motor (ifadə
etmə), istərsə də nitqin düzgün tələffüz tərəfinin pozuntusu
müşahidə olunur.
İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətli
medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur.
Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlar
qədər əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar - bədən
tərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya müalicə
tətbiq edilir. Optimal şəraitdə reabilitasiya prosesinə
fizioterapevt-reabilitoloq, loqoped, psixoterapevt, həkim-nevroloq
da qoşulur.