Bakı. Trend:
Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə cərimələr artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nüvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manatdan 300 manatadək məbləğdə cərimə tətbiq edilir.
Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 250 manatdan 350 manatadək məbləğdə cərimə tətbiq edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.