Bakı. Trend:
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, buraxılış vəsiqəsi hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə hesab ediləcək.
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya ləğv edilir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.