Bakı. Trend:
Son 3 ildə 14 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ilin avqust-sentyabr aylarında məktəbəqədər təhsil müəssisələrində çalışan 3307 nəfər tərbiyəçi-müəllim və 202 nəfər müdir-metodist olmaqla, ümumilikdə 3,5 min nəfər təlimdən keçib və yekunda müdavimlərə sertifikatlar verilib.
“Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmənin çərçivəsi hazırlanıb.
2024-cü ildə bu müəssisələrdə çalışan 11,2 min nəfər tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirməyə cəlb olunub.
Məktəbəqədər təhsil müəssisələrində yaranmış vakant yerlər üzrə rəhbər və pedaqoji kadrların işə qəbul edilməsi üçün mərkəzləşdirilmiş qaydada test müsabiqəsi keçirilib və müsahibələrin nəticəsinə əsasən 78 müdir və 416 tərbiyəçi-müəllim müvafiq vakant yerlərə təyin edilib. 2022-2024-cü illər ərzində isə məktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi müəllim təyin olunub”,- deyə məlumatda bildirilib.