Bakı. Trend:
2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 33,4 min cinayət qeydə alınıb, onlardan 30,4 mininin açılması təmin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, həmin cinayətlərin 94,4 %-i (31,5 mini) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan əməllər olmaqla 86,2 %-ni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edib.
Təqsirləndirilən şəxslərin tutulub məsuliyyətə cəlb olunması işi də təmin edilərək yerli və dövlətlərarası axtarışda olan 7,5 min nəfərin yeri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müxtəlif cinayətlər törətmiş 16,7 min, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 3,3 min şəxs saxlanılaraq məhkəmə məsuliyyətinə verilib, 1,6 min nəfərdən ibarət 639 cinayətkar qrup zərərsizləşdirilib.
Respublika ərazisində 2024-cü il ərzində qeydə alınmış 145 qəsdən adam öldürmə cinayətindən 122-si aşkar, 23-ü qeyri-aşkar şəraitdə törədilib, qeyri-aşkar şəraitdə törədilən 23 cinayət faktından 22-nin açılması təmin edilib. Həmçinin, 2024-cü il ərzində 48 qəsdən adam öldürməyə cəhd faktı qeydə alınıb ki, onlardan 47-si açılıb.
2024-cü ildə respublika üzrə 639 intihar, 811 intihara cəhd hadisələri qeydə alınıb. İntihar faktlarına görə 25 cinayət işi başlanıb, 614 hadisə üzrə material qaydasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul edilmiş 6 cinayət işindən 5-i məhkəməyə göndərilib. Baş vermiş 639 intihar hadisəsi nəticəsində ölən şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlar olub.
161 insan alveri və 1 məcburi əmək cinayəti qeydə alınıb, 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib. Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. 80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib.