Bakı. Trend:
2024-cü ildə güzəştli ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsi davam etdirilmiş və 470 güzəştli mənzilin alınması üçün 28,8 mln. manat məbləğində güzəştli ipoteka krediti verilib.
Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, 2018-ci ildən etibarən güzəştli mənzillərin
maliyyələşdirilməsi üçün 4 885 şəxsə 238,4 milyon manat həcmində
güzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat məbləğində
adi ipoteka krediti verilib.
Eyni zamanda, 2017-2024-cü illərdə ayrılmış vəsaitlər də nəzərə
alınmaqla MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi həcmi 270
milyon manat təşkil edib. MİDA-nın sərəncamında olan mənzillərin
təxminən 80%-nin satışı Fondun vəsaiti hesabına verilən güzəştli
ipoteka krediti vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil etmiş, verilən kreditlərin təqribən 22%-i regionların payına düşüb. Hesabat dövründə ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilmiş, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə 2024-cü ildə ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil edib.