...

Düzgün qidalanma, uşağın fiziki və zehni inkişafı üçün əsas şərtlərdən biridir - Pediatr

Cəmiyyət Materials 15 Aprel 2025 10:17 (UTC +04:00)
Düzgün qidalanma, uşağın fiziki və zehni inkişafı üçün əsas şərtlərdən biridir - Pediatr
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir valideyn uşağının sağlam böyüməsini və inkişafını istəyir. Bunun üçün düzgün qidalanma, uşağın fiziki və zehni inkişafı üçün əsas şərtlərdən biridir. Lakin bəzən valideynlər düzgün qidalanma vərdişlərini uşaqlarına necə aşılayacaqlarını bilmirlər.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə, valideynlər özləri nümunə olmalıdır:

“Uşaqlar, valideynlərinin davranışlarını izləyir və onlardan öyrənirlər. Əgər valideyn özü sağlam qidalanmağı önəmsəyirsə, uşaqlar da bu vərdişləri mənimsəyəcək. Məsələn, əgər bir valideyn hər gün meyvə və tərəvəz yeyirsə, uşağı da bu qidalara qarşı maraq göstərə bilər. Ona görə də, sağlam qidalanma ilə bağlı ilk addım, uşaqlara nümunə olmaqdır. İkinci mühüm amil, uşaqlara qida haqqında doğru məlumat verməkdir. Uşaqlara, niyə tərəvəzlərin və meyvələrin vacib olduğunu, həmçinin şirinlər və “fast-food” məhsullarının nə dərəcədə zərərli olduğunu izah etmək çox vacibdir. Bu, uşağın həm bədəninə, həm də beyninə təsir edəcək. Məsələn, uşağa anlamağa kömək etmək üçün müxtəlif qidaların necə enerji verdiyini, onların orqanizm üçün necə faydalı olduğunu və ya sağlam qidaların diqqəti artırdığını, əhval-ruhiyyəni yaxşılaşdırdığını izah etmək faydalıdır. Bu məlumatları uşağa yaşına uyğun şəkildə çatdırmaq vacibdir.
Növbəti vacib məqam, uşaqlara seçim imkanı verməkdir. Uşaqlar, əksər hallarda özlərini sərbəst hiss etmək istəyirlər və qida seçimi də bu sərbəstliyi təmin edə bilər. Valideynlər, sağlam qidalar arasından uşağa seçim etməyə imkan yaratmalıdırlar. Məsələn, uşağa tərəvəzlərdən hansını seçmək istədiyini soruşmaq və ya müxtəlif meyvələri təqdim edərək uşağa qərar vermək imkanı vermək”.

Pediatr qeyd edib ki, bir digər mühüm aspekt, uşaqları yemək hazırlığına cəlb etməkdir:

“Uşaqlar, mətbəxə daxil olaraq, yemək hazırlama prosesini izləyib iştirak etdikdə, həm yeməkləri daha çox sevir, həm də sağlam qidalar haqqında daha çox məlumat əldə edirlər. Düzgün qidalanma vərdişlərinin formalaşmasında bir başqa vacib məqam da uşaqlara yemək zamanı yaxşı vərdişlər aşılamadır. Məsələn, yeməyi tələsmədən, oturaraq və diqqətəlayiq şəkildə yemək çox vacibdir. Bu, uşağın düzgün qidalanmaya alışmasına kömək edir və həzm sisteminin düzgün işləməsinə dəstək verir. Eyni zamanda, uşağa çox yemək yeməmək, porsiyaları kiçik tutmaq və yeməkdə balanslı olmaq lazım olduğunu öyrətmək vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti