Bakı. Trend:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın
Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı
illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumuna əsasən 130 nəfər Azərbaycan
vətəndaşı 2025/2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzlu
universitetində təhsil almaq imkanı əldə edib.
Trend bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, Macarıstan tərəfinin yekun qərarına əsasən təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 9 nəfəri bakalavriat, 106 nəfəri magistratura, 15 nəfəri isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.
"Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik,
informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalq
münasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisas
istiqamətləri üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən namizədlər əsasən “Eötvös Loránd University”,
“Budapest University of Technology and Economics”, “Corvinus
University of Budapest”, “University of Debrecen”, “Budapest
University of Economics and Business”, “Óbuda University” və digər
nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar",
məlumatda qeyd edilib.