Bakı. Trend:
Azərbaycan beynəlxalq tərəfdaşlarla birgə kənd təsərrüfatı üçün süni intellek üzrə rəqəmsal yol xəritəsi hazırlayır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Süni İntellekt üzrə yol xəritəsinə 30-dan çox praktiki həllər daxildir (torpağın monitorinqindən və bitki sortlarının xəritələnməsindən tutmuş məhsuldarlığın proqnozlaşdırılması və suya qənaət edən suvarmaya kimi).
“Smart kənd təsərrüfatı dayanıqlı su və torpaq idarəçiliyi ilə birlikdə olmalıdır. Biz hər damla suyu qorumaq üçün suvarma sistemlərinin müasirləşdirilməsinə sərmayə qoyuruq”,- deyə Məmmədov vurğulayıb.
Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycan hökuməti üçün prioritet sahə olaraq qalır, çünki ərzaq təhlükəsizliyini təmin edir, kənd yerlərində məşğulluq yaradır və ölkənin mədəni kimliyini möhkəmləndirir.