...

“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2025 16:00 (UTC +04:00)
“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə icra olunan və dövlət tərəfindən yaradılan imkanları region gəncləri üçün daha əlçatan edən “Səyyar Gənclər Xidməti” layihəsi respublikanın müxtəlif regionlarında mərhələli şəkildə həyata keçirilməyə davam edir. Zaqatalada 29 sentyabr – 3 oktyabr tarixlərində xidmət göstərəcək layihə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Növbəti günlərdə Səyyar Gənclər Xidməti Zaqatala gənclərinin liderlik potensialının artırılmasına, şəxsi və peşəyönümlü inkişafına, həmçinin milli və vətənpərvərlik ruhlarında tərbiyə olunmasına öz töhfəsini verəcək.

Layihənin Zaqataladakı açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Rəsmi hissədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region gənclərinin inkişafında və dövlət dəstək mexanizmlərinin əlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar. Həmçinin çıxışlarda ölkə gəncliyinin dövlət quruculuğu, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı proseslərində artan iştirakçılığından da bəhs edilib.

Xidmət çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Zaqatala Peşə Məktəbinin nümayəndələrinin iştirakı ilə gənclər üçün müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Eyni zamanda, gənclər üçün peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süni intellektin tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiya mövzularında interaktiv təlim proqramları həyata keçirilib. Xüsusi qeyd edilməlidir ki, Vətən Müharibəsi iştirakçıları ilə keçirilən görüşlər zamanı gənclər qəhrəmanların döyüş yollarını öz dillərindən dinləyərək onların fədakarlığını daha yaxından tanımaq, dövlətə və torpağa sədaqət anlayışlarını daha dərindən anlamaq imkanı əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” tematik guşələri gənclərə öz bacarıqlarını nümayiş etdirmək, sosial və yaradıcı potensiallarını inkişaf etdirmək üçün geniş imkanlar təqdim edib. Bu guşələrdə keçirilən intellektual müsabiqələr, viktorinalar və master-klasslar iştirakçıların fəallığını artırmaqla yanaşı, onların komanda işi, ünsiyyət və problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinə xidmət göstərib. Tədbirin yekununda xüsusi fəallıq nümayiş etdirən gənclərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək davam etməsi planlaşdırılan layihə bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy və Qax rayonlarında baş tutub. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı tədbirlər planına uyğun olaraq reallaşdırılır. Layihə gənclər arasında dövlət müstəqilliyi və suverenlik kimi fundamental prinsiplərin dərindən aşılanmasına, 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə dolğun şəkildə çatdırılmasına, eyni zamanda gənclər siyasəti ilə bağlı maarifləndirmə işinin təşviqinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti