Bakı. Trend:
Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
O bildirib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır:
"İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır. Son onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın mahiyyətini tamamilə dəyişmişdir. İnformasiyanın istehlak forması sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin edilməsidir".
Onun sözlərinə görə, Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir.
"Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən
keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz
oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə,
peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə
maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya
axınında qorunması.
Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı
sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi
bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri,
ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək
nəsillərə ötürülməsində əvəzsiz vasitədir" - deyə o vurğulayıb.