Bakı. Trend:
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Prezident İlham Əliyevin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçib. Çıxışda hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulanıb”, - deyə spiker qeyd edib.
Sahibə Qafarova vurğulayıb ki, sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərib ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür.
“Prezident İlham Əliyevin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirilib.
Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edilib.
Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir. Dövlətimizin başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğulayıb. Və bu prinsiplərin Azərbaycanın qlobal gündəliyə baxışları kimi təqdim edilməsi Prezident İlham Əliyevin çıxışını beynəlxalq hüququn və qlobal idarəetmənin gələcəyi ilə bağlı müzakirələrin mühüm tərkib hissəsinə çevirib.
Prezident İlham Əliyevin yüksək tribunadan səsləndirdiyi fikirlər, Azərbaycanın təcrübəsi barədə söylədikləri bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaq”, - deyə sədr qeyd edib.