Bakı. Trend:
ABŞ-dən deportasiya olunan 120 iranlı 1-2 gün ərzində ölkəyə qayıdacaq.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin Parlament və Konsulluq Məsələləri üzrə Departamentinin Baş direktoru Hüseyn Nuşabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran vətəndaşların ölkəyə qayıtması üçün uyğun konsulluq xidmətləri göstərir.
Nuşabadi bildirib ki, artıq bir neçə aydır ki, ABŞ-dən iranlı və əcnəbilərin deportasiya olunması məsələsi irəli sürülür. ABŞ-nin Miqrasiya Departamenti qeyri-qanuni şəkildə şəkildə ABŞ-yə daxil olan təxminən 400 İran vətəndaşını ölkədən deportasiya etmək niyyətindədir.
“İran XİN İranın ABŞ-dəki mənafeyinin mühafizəsi ofisi və ABŞ-nin İrandakı mənafeyinin mühafizəsi ofisi vasitəsi ilə notalar verib və məsələni diqqət mərkəzində saxlayır. İran ABŞ-dən beynəlxalq hüquq çərçivəsində İran vətəndaşlarının hüquqlarına riayət olunmasını istəyib”, - deyə o qeyd edib.