Bakı. Trend:
Dövlət başçılarımız – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev – ikitərəfli münasibətlərə yeni dinamika gətirərək siyasət, mədəniyyət, təhsil və media daxil olmaqla bir çox sahədə birgə fəaliyyət imkanları yaradıb.
Trend xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan –Özbəkistan Media Forumunda çıxışında deyib.
“Media bu prosesdə əsas rol oynayır. Müasir kütləvi informasiya vasitələri yalnız cəmiyyəti məlumatlandırmır, həm də etimad yaradır, xalqlar arasında qarşılıqlı anlayışı və mədəni əlaqələri gücləndirir. Jurnalistlər, müxbirlər, bloqerlər və media ekspertləri ölkələr arasında bir növ ‘körpü’ rolunu oynayır, insanlara bir-birini daha yaxşı anlamağa kömək edir, stereotipləri dağıdır və əməkdaşlıq üçün yeni üfüqlər açır”,- deyə səfir vurğulayıb.
Diplomat xatırladıb ki, bir il əvvəl Daşkənddə ilk Özbəkistan-Azərbaycan Media Forumu keçirilib və onun nəticələri hər iki ölkənin media strukturları arasında əməkdaşlığın güclənməsinə xidmət edib: “O zaman birgə təhsil proqramları, media təlimləri və təcrübə mübadiləsinin təməlləri qoyulub”.